Yoxsulluq

Cənubi Qafqazın hər üç ölkəsində - Azərbaycan, Ermənistan və Gürcüstanda əhali və hakimiyyət arasında həyat səviyyəsinin dəyərləndirməsində kəskin ziddiyyət var. Rəsmi statistika yoxsulluö üzərində qalibiyyət elan edir. Amma ekspertlər və əhali arasında sorğular bu bəyanları mif kimi ifşa edir.
Bu necə baş verir?
AZƏRBAYCAN
Dövlət Statistika Komitəsinin 2022-ci il 1 yanvar məlumatına əsasən, ölkədə yoxsulluq səviyyəsi 5,9 faizdir. Azərbaycanda həmin vaxt 10,1 milyon nəfər yaşayırdı, deməli, yoxsulların sayı 600 min nəfərdir.

Bu, ötən il qeyd olunan göstəricidən – 6,2 faiz daha azdır. Amma yoxsulluq səviyyəsinin 2019-cu il həddini xeyli aşır. Koronavirus pandemiyasından əvvəl yoxsulluq səviyyəsi 4,8 faiz idi.
Azərbaycanda yoxsulluğu rəsmən Dövlət Statistika Komitəsinin “Ev təsərrüfatlarının diaqnostikası” adlı sənədinə müvafiq oalraq ölçülür. Burada əsas göstərici adam başına düşən istehlak xərcləri, yəni yaşayış minimumu hesab olunur.

2023-cüil yanvarın 1-dən Azərbaycanda yaşayış minimumu 246 manata bərabər olacaq. Əgər ailənin aylıq gəliri üzvlərə bölündüyü zaman bu məbləğdən az olursa, həmin insanlar yoxsul hesab olunurlar.

Amma bu hesablama o qədər nisbidir ki, onun əsasında ölkədəki yoxsulluğun səviyyəsi barədə nəticə çıxarmaq çətinвшк.

PLUS 1 AZN VƏ SİZ ARTIQ YOXSUL DEYİLSİNİZ?

Əgər bir şəxs 250 manat, yəni yaşayış minimumundan 5 manat çox qazanırsa, bu onun vəziyyətini heç bir şəkildə dəyişmir. Amma bu insanlar artıq yoxsulluq statistikasından çıxarılmış olurlar.

Həmçinin əgər ailə sosial yardım alırsa, hətta birdəfəlik olsa da, bu ailə də yoxsullar siyahısında yoxdur.

Amma məhz Azərbaycana xas olan başqa komponent də var ki, bu da yoxsulluq haqda statistikanı bütünlüklə mifə çevirir.

Bir çox ekspertlərin fikrincə, hətta yenilənmiş yaşayış minimumu əslində real deyil. Azərbaycanda bu məbləğlə sağ qalmaq mümkün deyil.
Yaşayış minimumuna nə almaq olar? Bir illik hesab
Ərzaq:

• 136,8 kq çörər və un məmulatları (sutkada 375 qram);
• 54,8 kq kartof (sutkada 150 qram);
• 32,9 kq ət və ət məhsulları, o cümlədən də quş əti (sutkada 90 qr);
• 7 kq kərə yağı (sutkada 19 qram);
• 7,7 kq balıq və ya balıq məhsulları (sutkada 21 qram);
• 10,9 kq bitki yağı, marqarin və digər yağlar (sutkada 29 qram).

Paltar:

• Palto və ya digər üst geyimi – səkkiz ilə üç ədəd;
• Alt paltarı – 2,5 ilə doqquz ədəd (102 günə bir ədəd);
• Corab – il yarıma yeddi cüt (78 günə bir cüt);
• Ayaqqabı – 3,5 ilə altı cüt (213 günə bir cüt).
• İnternet – bütün ailəyə sutkada bir saat.


Əslində Azərbaycanda nə qədər yoxsul var?
Sona xala
Sona xala (Sabunçu qəsəbəsində qonşuları onu belə çağırır) köhnə vaqonda yaşayır. Oğlu, gəlini və iki nəvəsi ilə birlikdə. “Öz evimiz yox idi, o vaxt yoldaşım bu vaqonu tapdı, burda qəsəbədə yerləşdirdik, o vaxtdan da burda yaşayırıq”, - o deyir.

Ərinin ölümündən sonra Sona ancaq əlillik pensiyası ilə keçinmək məcburiyyətindədir: “İkinci qrup əliləm, cəmi 130 manat alıram. İşləmirəm, ailə başçısını itirdiyimə görə də heç nə almıram. Ay ərzində aldığım elə budur”.
Ət bizə görə çox bahadır, amma arada qonşular verirlər
Sonanın oğlu da işləmir, təsadüfi işlərlə qazanır. “Elə vaxt olur hansısa qonşunun döşəməsini dəyişmək, ya da kiminsə qum kisələrini daşımaq lazımdır. Gedib işləyir, pul gətirir. Amma belə zamanda bu, nəyə çatar?”, - Sona xala deyir.

Onun bütün pulları dərmana və üç yaşlı nəvəsi üçün xırda şirniyyata gedir. Ərzaqı ancaq oğlunun gətirdiyi pula alırlar: “Müxtəlif şorbalar bişiririk, bəzən quru yemək də olur. Baxır ərzaqa nə qədər pul qalır. Ət almırıq, təbii ki, çox bahadır”.

Bakıda sümüksüz ət hazırda 17 manatadır. “Amma lap ətsiz qalmırıq. Qurban bayramı olanda, kimsə qurban kəsəndə qonşular, tanışlar gətirirlər. Burda bizi tanıyırlar. Anlayırlar ki, köməyə ehtiyacımız var. Kim nə bacarırsa, kömək edir”, - Sona xala başını yelləyir.
Mövcud qanunvericiliyə görə, heç bir vətəndaş yaşayış minimumundan az ala bilməz. Sona xalanın pensiyası bu səviyyədən çox aşağıdır.

Həmçinin onun oğlu məşğulluq mərkəzlərinə müraciət edə bilər. Əgər onun üçün iş yeri tapılmasa, dövlət ona aylıq yaşayış minimumu həcmində maddi yardım ödəməlidir. Həm də təkcə ona yox, həm həyat yoldaşına və övladına”, - iqtisadçı Əli Əhmədov bildirir.

Bu onlara doyuracaqmı – bu başqa sualdır.
Azərbaycan əhalisinin yarıdan çoxu yoxsulluq riski altındadır
Azərbaycan Dövlət Statistika Komitəsinin əhalinin yaşam səviyyəsi ilə bağlı müxtəlif göstəriciləri bir-biri ilə təzad təşkil edir. Yuxarəda deyildiyi kimi yoxsulluq həddində yaşayanlar rəsmən əhalinin 5,9 faizini təşkil edir.

Amma həmin Dövlət Statistika Komitəsi 2021-ci ildə 17 min ev təsərrüfatı arasında sorğu keçirib. Bu sorğunun nəticələrinə görə onları gəlir səviyyəsindən asılı olaraq 10 kateqoriyaya bölüblər. Ən aşağı kateqoriyaya ailələrin 10 faizi daxil olub, onların aylıq gəliri adambaşına 171 manatı aşmır. Növbəti qrupa adambaşına düşən gəliri 210 manat olanlar daxil olub ki, onlar da 10 faiz təşkil ediblər.

O zaman yaşayış minimumu 205 manat təşkil edird.

Beləliklə, aydındır ki, əhalinin 5,9 faizi yox, 20 faizindən çoxu yoxsulluq həddində yaşayır.
Beynəlxalq təşkilatlar da təxminən eyni nəticəyə gəlirlər. Dünya Bankının 2019-cu il hesabatına əsasən, Azərbaycanda yoxsulluq səviyyəsi 24 faizə bərabər olub. DB-da hesab edirlər ki, paytaxt Bakıda yoxsulluq səviyyəsi 16 faizdir.

Beynəlxalaq ekspertlər o zaman bildirmişdilər ki, Azərbaycanda kənd sakinlərinin 57 faizi yoxsulluq riski altında yaşayır. Başqa sözlə, onlar hazırda yoxsul hesab olunmurlar, amma yoxsulluq həddinə o qədər yaxındırlar ki, istənilən iqtisadi və ya başqa problem onları yoxsulların cərgəsinə qata bilər.
Müəllif
Sevgi İsmayılbəyli

Foto/video
Güləndam Hədisova
GÜRCÜSTAN
2022-ci ilin sonunda Gürcüstanın iqtisadiyyat naziri bildirib ki, “ölkədə yoxsulluq səviyyəsi ratixi minimuma enib”.

Baş nazir İrakli Qaribaşvili də noyabrın sonunda hökumətin iclasında işsizlikdən bəhs edərkən “tarixi minimum”dan danışıb. Son bir il ərzində ölkədə 100 mindən çox yeni iş yeri açılıb, yoxsulluq azalıb, “işsizlik tarixi minimum səviyyəyə düşüb”.

Hakim partiyanın sədri İrakli Kobaxidze hətta söz vermişdi ki, 2030-cu ilə qədər Gürcüstan bu sürətlə “yoxsulluğu tamamilə aradan qaldıracaq”.

Bununla belə, sorğular fərqli mənzərəni göstərir: IRI-nin sorğusuna əsasən, işsizlik, yoxsulluq və qiymət artımı əhalinin üç əsas problemi olaraq qalır. NDI respondentlərinin 75 faizi hesab edir ki, son 10 ildə yoxsulluqla bağlı vəziyyət yaxşılaşmayıb, əksinə, daha da pisləşib.
Əslində Gürcüstanda yoxsulların sayı nə qədərdir?
Eka (ad dəyişdirilib)
"Mənim 38 yaşım var, ərim və iki uşağımla Kobuletidə yaşayıram. Öz evimiz yoxdur, əvvəllər statistika departamentinin olduğu boş binada yaşayırdıq, nə vaxt bizi çıxaracaqlarını bilmirəm. Ailəm mütləq yoxsulluq həddinin altında yaşayır”.
Yayda iş daha çoxdur
"Biz 540 lari [təxminən 200 dollar] sosial yardım alırıq. Bu dördümüzün əsas gəliridir. Bundan əlavə, mən evləri, otelləri də təmizləyirəm. Yayda turistlər olanda daha çox işləyirəm. Bəxtim gətirsə, həftədə bir dəfə kiminsə evində təmizlik edəcəm.

Ərim səhhətinə görə işləyə bilmir, amma evdə mənə çox kömək edir - bütün günü uşaqlarladır”.
"Uşaqlığım da çətin keçib. Mən Kobuleti rayonunda, Dağvaşi kəndində anadan olmuşam. Biz altı bacı-qardaş idik. Anam dul qalanda 33 yaşı var idi. Atam Batumidə, telefon xidmətində işləyirdi. Bir dəfə hardasa xətt qırılmışdı, onu düzəltməyə getdi və məlum oldu ki, kimsə elektrik xəttini səhvən telefona qoşub. Yadınızdadırsa, o vaxtlar, 1990-cı illərdə hamı özü üçün pərakəndə elektrik xətti kəçmişdi, xaos var idi bu baxımdan. Onu elektrik cərəyanı vurdu, 38 yaşında öldü.

Dörd bacı və iki qardaş qaldıq. Yazıq anam bizim anamız, atamız, nənəmiz və babamız idi. Səhərdən axşama kimi işləyir, satış üçün tərəvəz yetişdirir, toyuq saxlayır, özü də şəhərə aparıb, satırdı. O vaxt hamı yoxsulluq içində yaşayırdı, amma biz yenə də başqalarından daha kasıb idik”, - Eka deyir.
Yalnız statistikaya nəzər salsanız, son 10 ildə Gürcüstanda yoxsulluq həqiqətən də azalmaqdadır.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, 2012-ci ildə əhalinin 30 faizi mütləq yoxsulluq həddinin altında yaşayırdı. 2021-ci ildə bu rəqəm 17,5 faizə düşüb.
Bu, 3,7 milyon əhalisi olan ölkə üçün 645 min nəfərə bərabərdir.

Yəni, iddia etmək olar ki, Gürcüstanın təxminən hər altıncı sakini mütləq yoxsulluq həddində yaşayır.

Bu da özlüyündə çox mənfi olardı. Amma problem ondadır ki, reallıqda bu rəqəm daha çoxdur. Hamısı necə saymağınızdan asılıdır.
Yaşayış minimumu hiyləgərliyi
Mütləq yoxsulluq insanın və ya ailənin yaşayış minimumundan aşağı yaşamasıdır. Amma bu hesablama o qədər nisbidir ki, onun əsasında ölkədə yoxsulluğun səviyyəsi barədə nəticə çıxarmaq çətin ki.

PLUS 1 LARİ VƏ BİZ ARTIQ YOXSUL DEYİLİK?

Məsələn, şərti olaraq, yaşayış minimumu 100 lari olarsa. Daha az olanlar kasıb sayılırlar. 101 larisi olanlar isə artıq kasıb sayılmır. Müvafiq olaraq onlar rəsmi statistikaya daxil edilməyib.
İŞSİZLİK ARTIBSA, YOXSULLUQ NECƏ AZALIB?

Mütəxəssislərin dediyi kimi, statistik məlumatları təhlil edərkən yoxsulluğun səviyyəsinin aşağı düşməsinə hansı amillərin səbəb olduğunu bilmək vacibdir.

Məsələn, 2021-ci ildə mütləq yoxsulluq səviyyəsi aşağı düşüb. Lakin statistika göstərir ki, işsizlik nəinki azalmayıb, əksinə, kəskin şəkildə artıb. Sual yaranır: əgər iş əvvəlkindən daha da azalıbsa, bir neçə min insan yoxsulluğun öhdəsindən necə gəlib?
BİRDƏFƏLİK YARDIM VERİLDİ, SƏN ARTIQ YOXSUL DEYİLSƏN?

Gürcüstanda yoxsulluğun azaldılması ilə bağlı rəsmi rəqəmlərə təsir edən ən mühüm amillərdən biri sosial yardımdır. Əgər insanın minimum yaşayış imkanı varsa, o, statistik olaraq kasıb sayılmır - pulu haradan almasından asılı olmayaraq.

Məsələn, koronavirus pandemiyası zamanı dövlət tərəfindən çoxlu sosial transferlər həyata keçirilib - çoxlu sayda insan sosial yardım alıb, bu dövrdə uşaqlar üçün maddi yardım və digər sosial müavinətlər artıb.

Hazırda ölkə əhalisinin təxminən 17,6 faizi və ya 655 mindən çox insan sosial yardım alır. Mütləq yoxsulluq həddində yaşayan bir çox insanlar bu müavinətlərdən əlavə pul aldıqlarına görə, onlar avtomatik olaraq mütləq yoxsulluq siyahısından çıxarılıblar.

Yəni bu insanlar hər hansı iqtisadi fəaliyyət nəticəsində “varlanmayıb”, sadəcə olaraq sosial müavinət alıblar.
Müstəqil iqtisadçılar deyirlər ki, göründüyünə görə əslində Gürcüstanda 2022-ci ildə tarixi minimuma çatan yoxsulluq səviyyəsi deyil, sosial cəhətdən həssas insanların sayı tarixi maksimuma çatıb.
Eka
"Heç birimiz doqquz sinifdən çox oxumamışdıq. Bircə qardaşım Dəniz Texnikumunu bitirmişdi, amma öz peşəsi ilə məşğul ola bilmədi. Tək anamın bizi oxumağa göndərməyə imkanı yox idi. Bizim də bütün günü dərs oxumaq kimi imkanımız yox idi. Anama ev işlərində kömək edirdim, böyük bacım yemək bişirmək və ev işlərinə cavabdeh idi, qardaşlarım ailəyə bir az pul gətirmək üçün yük daşıyırdılar.

Təəssüf ki, heç birimiz yoxsulluqdan çıxa bilmədik. Hamımız öz yolumuzla getdik, bacılarım ərə getdi, qardaşlarım evləndi, amma indi də hamımız üçün çətindir. Buna baxmayaraq, biz bir komanda kimi bir-birimizə kömək edirik.

Geriyə baxanda düşünürəm ki, dizaynı öyrənə bilərdim. Mən yaxşı çəkirdim, müəyyən paltarlar hazırlamağı, əllərimlə işləməyi – tikməyi, toxumağı sevirdim. İndi isə övladlarımın bir şeyləri yoxdursa və ya corab, sviter və ya papaq lazımdırsa, oturub bir gecədə bu şeyi toxuyuram. Gün ərzində buna vaxtım olmur”.
Bərbər olmaq və özünə aid gəlir əldə etmək
"Mənim ailəm ən yüksək sosial paketi alır. Ayda 540 lari [təxminən 200 dollar] çıxır. Təmizlik işlərimi gizlədirəm. Allah eləməsin, bircə dəfə bank kartıma cüzi məbləğ daxil olsa sosial yardım verməkdən imtina edə bilərlər.

Əsas arzum öz evimin olmasıdır. Burada Kobuletidə 12 evsiz ailə yaşayırıq. Bizi qovmağa gəlirlər, biz getmirik. Getməyə yerimiz yoxdur. Bir də kiçik gözəllik salonumun olmasını istəyirəm. Saç kəsimi, saç düzümü öyrənərdim və öz gəlirim olardı.

Uşaqlarımın məktəbdə yaxşı oxuması üçün əlimdən gələni edirəm. Mən onlara hər zaman deyirəm ki, bizim heç nəyimiz yoxdur və bu kasıblıqdan ancaq bilik, peşə əldə etməklə birtəhər çıxa bilərlər. Mənim iki qızım var - 13 və 8 yaşında. Yaxşı oxuyurlar, amma çox da çalışmırlar. Pandemiya və distant təhsil bizi çox geri saldı. Kiçiyi çox emosionaldır, bizim və digər qonşularımızın evi olmadığı üçün narahatdır. Ona görə də deyir ki, memar olacaq, yaşamağa yeri olmayan hər kəsə böyük ev tikəcək”.
Müəlliflər
Maqda Ququlaşvili, Sofo Zedelaşvili

ERMƏNİSTAN
Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Ermənistan əhalisinin 26,5 faizi, yəni hər üç nəfərdən biri yoxsulluq içində yaşayır. Bu rəqəm əvvəlki iki ilin göstəricilərinə yaxındır. Eyni zamanda, 1,5 faiz ifrat yoxsulluq həddində, yəni gəlirləri yaşayış minimumundan aşağı olanlar olub ki, bu da 2020-ci illə müqayisədə 2,1 dəfə, yəni 0,7 faiz çoxdur.

Bu rəqəmlər necə hesablanıb?

Ermənistanda yaşayış minimumu ayda 57 744 dram [təxminən 140 dollar] təşkil edir. Amma Cənubi Qafqazın digər ölkələrində olduğu kimi, həm yaşayış minimumunda yaşayanların, həm də ondan aşağı olanların göstəricisi o qədər sxematikdir ki, onları ölkədəki yoxsulluğun real mənzərəsini əks etdirən hesab etmək olmaz.

Məsələ ilə məşğul olan ekspertlər təsdiqləyirlər ki, yaşayış dəyərindən bir az artıq pul qazananlar yoxsulluq statistikasına düşmürlər - baxmayaraq ki, onların həyatı ora düşənlərdən heç cür fərqlənmir. Yoxsulların 45,7 faizi isə mütləq yoxsulluğa son dərəcə yaxındır.

Müstəqil iqtisadçılar hesab edirlər ki, Ermənistan reallıqdan daha çox miflərlə yaşayır. Hakimiyyət iqtisadi artım, yüksək maaşlar və “rekord aşağı” səviyyəli inflyasiyadan dəm vurur. Amma statistik rəqəmlər tamam başqa şeydən xəbər verir.
Bölgələrdə yoxsulluq səviyyəsi xüsusilə yüksəkdir. Ən yüksək göstərici əhalinin 48,1 faizinin yoxsul hesab edildiyi Qeqarkunik bölgəsindədir. Yerevanda yoxsulluğun səviyyəsi 15,9 faizdir.
Əslində Ermənistanda yoxsulların sayı nə qədərdir?
Marqarıta
40 yaşlı Marqarita Sarkisyan evə alış-verişdən gəlib, paketlərdə çörək, pendir, makaron var. Onun uşaqlar üçün də sürprizi var - bu ailə üçün lüks olan qazlı içki. İki otaqlı kirayə mənzildə bir dənə təzə əşya yoxdur, amma təmiz və səliqəlidir. Marqarita altı uşağını tək böyüdür, iki yerdə işləyir - gündə 17 saat. O, 90 min dram [təxminən 220 dollar] qazanır. Bundan əlavə dövlətdən 60.000 dram [təxminən 150 dollar] sosial müavinət alır).
Yeni ayaqqabı və ya şalvar ancaq böyüklərə qismət olur
Bu məbləğ bizim yeməyimizə, geyinməyimizə, kommunal vərclərimizə çatmalıdır, uşaqları da məktəbə göndərməliyəm. Xoşbəxtəm ki, uşaqlarım şüurludur, vəziyyəti başa düşürlər, heç vaxt məndən artıq nəsə istəməzlər. Hərdən hiss edirəm ki, xüsusilə də geyimə görə əsəbiləşirlər, amma bu barədə danışmırlar. Onlar ancaq zarafatla deyirlər ki, ancaq böyüklərə təzə ayaqqabı və ya şalvar qismət olur. Kiçiklər böyüklərin əyninə balacalaşanları geyinməyə məcburdurlar", - Marqarita deyir.

Bu evdə ət ən yaxşı halda həftədə bir dəfə bişirilir, meyvə vaxtaşırı olur. Marqaritanın daha tez-tez və daha çox aldığı məhsulların siyahısında tez doyuran və nisbətən ucuz olan çörək, bulka, dənli bitkilər var.
Ermənistanda minimum əmək haqqı sonuncu dəfə 2020-ci ildə - dramla təxminən 20 dollar ekvivalentində qaldırılıb. Bununla belə, hakimiyyət ölkədə həyatın 60-70 faiz yaxşılaşdığını iddia edir.
Bir işçinin əmək haqqının nə qədər artdığını müqayisə etsək, məlum olur ki, indi bu, 5 il əvvəlkindən çoxdur, təxminən 60-70 faizdir. Əhalinin real gəlirləri xeyli artıb”, - deyə iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
Amma heç rəsmi statistika da bunu təsdiqləmir.
• 2017-ci ilin oktyabr ayında Ermənistanda orta əmək haqqı 188 500 dram [təxminən 467 dollar] olub.

• 2021-ci ildə - 200.000 AMD [təxminən 500 dollar].

• 2022-ci il üçün ilkin məlumatlara görə - 236 900 dram (təxminən 590 dollar).

Yəni, son beş ildə Ermənistanda orta aylıq əmək haqqı 48,4 min dram [təxminən 120 dollar], yəni 70 faiz yox, 25,7 faiz artıb.
İnflyasiya maaşları qabaqlayır
Amma ölkədə orta əməkhaqqının bu qədər artımını da hökumət öz nailiyyəti kimi qələmə verməməlidir. Son beş ildə inflyasiyanın 25,5 faiz təşkil etdiyini nəzərə alsaq, bu, insanların həyat keyfiyyətinə ciddi təsir göstərə bilməzdi.
Ərzaqların rekord həddə bahalaşması
2021-ci il ərzində qiymətlər orta hesabla 13,9 faiz artıb

• Çörək 8,6 faiz,
• Ət - 9,7 faiz,
• Yumurta - 51,3 faiz,
• Kərə yağı - 15,9 faiz,
• Şəkər - 39,4 faiz,
• Konservləşdirilmiş süd - 10,4 faiz bahalaşıb.

2022-ci ilin birinci yarısında qiymətlər orta hesabla daha 8,1 faiz artıb ki, bu da son on ilin ən yüksək göstəricisidir.

• Qida və alkoqolsuz içkilər - 17,1 faiz,
• Geyim və ayaqqabılar - 10,5 faiz,
• Kommunal xidmətlər (su, işıq, qaz) - 6,7 faiz.
• Tərəvəz və meyvələrin qiymətləri müvafiq olaraq 45,8 və 16,2 faiz artıb.

İki qat bahalaşanlar:

• Çörək məmulatları və dənli bitkilər - 19,9 faiz.
• Ət - 11,6 faiz.
• Süd məhsulları və yumurta - 11 faiz.

2022-ci ildə ən az spirtli içkilər və tütün məmulatlarının (8,1 faiz), şəkərin (6,9 faiz) qiyməti bahalaşıb.

İnflyasiyanın yüksək səviyyədə olmasına baxmayaraq, son bir ildə pensiya və sosial müavinətlərdə ciddi artım olmayıb. Onlar orta hesabla 1000 dram [təxminən 2,5 dollar] artıb.

İnflyasiyanın yüksək səviyyədə olmasına baxmayaraq, son bir ildə pensiya və sosial müavinətlərdə ciddi artım olmayıb. Onlar orta hesabla 1000 dram [təxminən 2,5 dollar] artıb.

MÜQAYİSƏ EDƏK:

Ermənistanda 2021-ci ildə minimum ərzaq səbətinin (qida) dəyəri 37 861 dram [təxminən 79 dollar] təşkil edir.

Minimum istehlak səbəti (qida və xidmətlər) 70,044 dramdır [təxminən 145 dollar].

Minimum sosial müavinət 18.000 dramdır [təxminən 37 dollar].

Yəni, müavinət minimum ərzaq səbətinin yalnız yarısına çatır.

26 500 dram (təxminən 65 dollar) olan minimum pensiya yaşayış minimumunun rəsmi hesablamalarına görə belə yaşamaq səviyyəsinə çatmır.
Bu fonda Ermənistan hakimiyyəti 2022-ci ildə ikirəqəmli iqtisadi artım elan edir - ölkənin iqtisadi aktivlik göstəricisi əvvəlki ilə nisbətən 13,1 faiz artıb.

Ancaq yerli müstəqil iqtisadçılar bu rəqəmə daha ətraflı baxmağa və bu unikal iqtisadi artımın əhalinin həyat keyfiyyəti ilə heç bir əlaqəsi olmadığını görməyə çağırırlar.

Qeyd olunan 13 faizlik iqtisadi artımın 11,45 faizlik bəndini ticarət və xidmətlər, xüsusilə bank əməliyyatları təşkil edir.
Artım Ukraynada müharibənin başlaması ilə Ermənistana gələn on minlərlə miqrantın hesabına olub. Real iqtisadi artımın qalan 1,55 faizi isə Dünya Bankının 2022-ci ildə Ermənistan üçün proqnozlaşdırdığı məbləğin yarısıdır: 3,5 faiz.
Marqarita
Marqaritanın mənzilində sobanın yanında odun qalaqlanıb. Onları yayda yığdığı pulla alıb. Ermənistanda enerji böhranı yaşanan, elektrik enerjisinin olmadığı 1990-cı illərdən qalan soba gündə iki dəfə - səhər və axşam, hamı evdə olanda yandırılır. İstiliyi daha uzun müddət saxlamaq üçün pəncərələr sellofanla örtülüb.

"Uşaqların hər gün daha isti olan və yemək verilən Günərzi Qayğı Mərkəzinə getməsi bizi xilas edir. Yeni ildə biz də bayram süfrəsi açmışdıq: toyuq və kartof, naringi, şirə. Təbii ki, daha çox istərdim. Amma daha çox alınmadı”.
Müəllif
Sona Martirosyan

Foto
Hakop Ohanesyan

Video
Arman Karacyan

Made on
Tilda