Lili: rəssam niyə evinə qayıda bilmir?

LGBT fəalı müharibə əleyhinə çıxışları ilə Azərbaycanın xüsusi xidmət orqanlarının diqqətini çəkib

LGBT fəalı müharibə əleyhinə çıxışları ilə Azərbaycanın xüsusi xidmət orqanlarının diqqətini çəkib




Lili: rəssam niyə evinə qayıda bilmir?
31.07.2022

LGBT fəalı müharibə əleyhinə çıxışları ilə Azərbaycanın xüsusi xidmət orqanlarının diqqətini çəkib

Nili Nəzərov bakılı rəssam və ictimai fəaldır. O, Azərbaycan vətəndaşlarından viza tələb etməyən ölkələri gəzmək məcburiyyətindədir, çünki evinə qayıtmağa qorxur.

Lili gəldiyi hər bir ölkədə murallar çəkir və bununla da LGBT və digər sosial qrupların problemlərini işıqlandırır.

Lili gender kimliyinə (kvir) görə özünü azad hiss etmədiyi üçün 17 yaşında evdən gedib. Mühafizəkar ailəsi onun bacılarına məkbətə getməyə belə icazə vermirmiş. Lili kirayə mənzil tutub və həmin vaxtdan müstəqil yaşayır.

“Mən çox sayda aktivist və mənə oxşayan insanlarla tanış oldum. Kiminsə valideynləri ilə problemi var, digərləri özünü qəbul etməkdə çətinlik çəkir. Azərbaycanda kvir-insanlar çox vaxt valideylərindən qaçırlar, çünki ailə onları qəbul etmir.

Mən onlara kömək etməyə başladım, bir müddət öz evimdə yerləşdirirdim, axı mən özüm də onların vəziyyətində olmuşdum. Evimdə həmişə çox adam olurdu. Mən fəal və açıq şəkildə LGBT hüquqları ilə bağlı problemlər haqda danışırdım. Bizim ümumiyyətlə heç bir hüququmuz yoxdur. Biz nə azad şəkildə toplaşa, nə də özümüz haqda açıq danışa bilirik. Aktivistlər həmişə həbs və zorakılıq təhlükəsi ilə üz-üzədir”.

“Mən niyə müharibəni çəkirəm?”

Lili həmişə rəsm çəkməyi sevib. Məktəbdə də onu istedadlı hesab edirdilər, amma müəllimlərin onun bacarıqları üçün tapdıqları tətbiq yolu onun xoşuna gəlmirdi:

“Məni Xocalı faciəsinin ildönümlərinə həsr olunmuş posterlər çəkməyə məcbur edirdilər. Özümə sual edirdim ki, mən niyə müharibə, qan, ölü insanlar çəkirəm, kimin düşmən olduğunu, kimin düşmən olmadığını göstərmək üçün? Mən erməniləri düşmən hesab etmirdim. Müharibədə haqlı və haqsız yoxdur. Müharibə xalqın yox, siyasətçilərin qərarıdır.

2020-ci ildə ikinci Qarabağ müharibəsi başlayanda mən şokdaydım. Bir neçə dostumu orduya apardılar və mən qorxurdum ki, sevgilimi də aparacaqlar.

Mən və digər aktivistlər #nowar həşteqi ilə müharibə əleyhinə fikirlərimizi yazmağa başladıq. Sayımız az idi, yüzdən bir az çox. Biz insanlara çatdırmağa çalışırdıq ki, sülh müharibənin yeganə həll yoludur. Bu, mənim üçün həm də ona görə ağır dövr idi ki, müharibəni dəstəkləyən bəzi dostlarımla münasibətləri kəsməli olmuşdum.

Təəssüf ki, kvir-insanların əksəriyyəti baş verənlərə müsbət yanaşırdı və mənimlə çox mübahisə edirdilər, çünki onlar təbliğatla böyümüşdülər. Müharibəyə qarşı olanlardan çoxu susurdu, qorxurdular ki, polis onların ailələrini təhdid edəcək. Bizi qınayırdılar, “satqın”, “erməni” adlandırırdılar. Oriyentasiyamıza görə də təhqir edirdilər, deyirdilər ki, “petuxlar sülhə çağırır”.

İnsanlar düşünürlər ki, ancaq ölkə üçün həlak
olduğu təqdirdə geyi təqib etməmək olar
Cəmiyyətdə homofobiya daha da artdı. Biz döyüşə bilmədiyimiz və ya döyüşmək istəmədiyimiz üçün cəmiyyət bizi sadəcə gərəksiz hesab etdi.

Bir oğlan, açıq gey, müharibədə həlak oldu və bununla bağlı qəribə diskussiyalar başladı. İnsanlar onun fotosunu paylaşıb, “baxın, geylər pis deyil, onlar ölkə üçün canlarını verirlər” deyirdilər. Digərləri onlara cavab verirdilər: “Bu, sadəcə bir hadisədir və bu heç nəyi dəyimir. Ondan heç kim soruşmamışdı”.

Bu oğlan könüllü idi. Kimsə ondan təbliğat məqsədilə istifadə etmişdi, guya Azərbaycan o qədər tolerant ölkədir ki, hətta geylər də Vətən üçün döyüşür.

Bu hadisə LGBT-ə münasibəti qətiyyən yaxşılaşdırmadı.

“Biz səni izləyirik”

Lili Twitter-də müharibə əleyhinə fikirlərini çox yazırdı və insanlara bunun mənasızlığını sübut etməyə çalışırdı. Məsələn, o, “müharibədən sonra İlham Əliyevə səs verərdinizmi” sualı ilə sorğu təşkil etmişdi:

“Mən hesab edirdim ki, o, son zamanlar sürətlə itirdiyi xalq dəstəyini geri qazanmaq üçün müharibəni başlatmışdı. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti “hə” cavabını vermişdi.

Müharibə zamanı nə qədər Azərbaycan əsgərinin həlak olduğunu bilmək haqqımızın olduğu haqda post yazmışdım. Bu məlumatlar yayılmırdı, media isə ancaq Ermənistanın itkilərini müzakirə edirdi.

Bundan sonra məni Dövlət Təhlükəsizliyi Xidmətinə çağırdılar. Mən ora vəkilimlə getdim. Dəhlizdə boyu bizi avtomatlı adamlar müşayiət edirdi və mən düşünürdüm ki, bu necə olur, mən sülhə səsləyirəm, mənimlə isə terrorçu kimi davranırlar?


Kabinetdə stolun üstünə postlarımın çap olunmuş skrinşotları düzülmüşdü. Onlar hər birini barmaqla göstərib soruşurdular: “Bunu niyə yazmısan?”. Sonra həlak olan əsgərlər haqda məlumat tələb etdiyim posta gəlib çıxdılar: “Sən Azərbaycanın itkiləri haqda niyə bilmək istəyirsən? Sən Ermənistana işləyirsən? Niyə maraqlanırsan ki, İlham Əliyevə səs verəcəklər, ya yox?”. Mən təəccübləndim və dedim ki, bu mənim vətəndaş haqqımdır.

Mənə dedilər ki, sülhə çağırışlarımla mən insanları qıcıqlandırıram, çünki indi insanlar həssasdır, övladları müharibədədir. Onlar dedilər ki, bir də belə şeylər yazmayım və postları silim. Mən etiraz etdim, amma vəkilim dedi ki, sən sadəcə razılaş, biz buradan gedə bilək. “Diqqətli ol. Səni izləyirik”, deyərək məni buraxdılar”.
2019, Bakı. Polis Lili Nəzərovu aksiyada iştirak etdiyinə görə saxlayır. Foto: Vəli Şükürov
Qaçış
Mən evə qayıdanda sevgilim dedi ki, ayrılmaq istəyir. Pandemiya, karantin, stress və pul problemlərinə görə çox mübahisə edirdik. Mənim fəallığım onun xoşuna gəlmirdi, çünki mənə görə narahat olurdu və polislə problem yaşamaq istəmirdi. O özü müxalifətçi fəaliyyətinə görə iki ay həbsdə qalmışdı və bu ona çox ciddi təsir etmişdi.

Bütün həyatımın darmadağın olduğunu hiss edirdim. Hətta intihar haqda düşünürdüm. Bu azmış kimi müharibədən iki dostumun ölüm xəbəri gəldi və bu mənim axırıma çıxdı. Türkiyədən tanış aktivist qız onun yanına köçməyi təklif etdi və iki gün sonra mən artıq orada idim.

Gedəndə ölkədə baş verənləri kənardan gördüm və hər şeyin necə pis olduğunu anladım. Dövlətin məni izlədiyini bildiyim halda geri qayıda bilməzdim. Üstəlik, zahiri görünüşümə görə mütəmadi aqressiv hücumlara məruz qalırdım. Əgər yanımda minlərlə həmfikirimin olduğunu görsəydim, getməzdim, amma bütün ölkə üzrə onların sayı yüzdən artıq deyildi”.

Nifrətin yeni dalğası
Lilinin sözlərinə görə, pandemiya və müharibədən əvvəlki dövrdə Azərbaycanda LGBT hüquqları ilə bağlı vəziyyət yavaş-yavaş yaxşılaşırmış. Kiçik LGBT birliyi fəaliyyət gösrtərir, iventlər, gecələr, təlimlər keçirirmiş.

Müharibədən sonra LGBT icmasına qarşı yeni nifrət dalğası yüksəliv, gey və transseksualların qətllərinin sayı artıb.

“Bir qadın bloqer bildirmişdi ki, bizi döymək lazımdır. O, trans-qadının ad gününü əks etdirən video paylaşmışdı və həmin trans-qadın bir müddət sonra diri-diri yandırılmışdı.

Qatil həbs olundu, amma bloqerə heç nə olmadı. Mən və dostlarım Dövlət Təhlükəsizlik Xidmətinə çoxlu məktublar yazdıq, Avropa İttifaqına yazdıq, amma xeyri olmadı.

Bu qətldən sonra Azərbaycanda bir çox gey və trans-insanlar növbəti qurban olacaqlarından qorxurdular. LGBT problemlərini işıqlandıran açıq gey jurnalist Əvəz Hafizli də bu hadisə haqda yazmışdı.

Ötən il Əvəz transfobik və homofob blogger Sevinc Hüseynova tərəfindən hədələnib, təhqir edilib, intihara cəhd edib, daha sonra hakimiyyətin biganəliyinə etiraz edərək Baş Prokurorluğun qarşısında özünü zəncirləyib.

Bir müddət əvvəl isə əmisi oğlu cinsiyyət orqanını və boğazını kəsərək onu öldürdü.

Trans-insanlar çox gözə çarpdıqları üçün daha çox öldürülürlər. Çoxu seks-industriyada çalışır, çünki onları heç yana işə qəbul etmirlər. Qatillər müştəri adı altında onların yanına gəlirlər.

Bir çox kvir-fərdlər müharibədən sonra Azərbaycanı tərk ediblər və ya bunu etməyə hazırlaşırlar. Dostlarımın çoxu artıq ölkəni tərk edib, çünki hər şey daha betər olur.

Son bir ildə kvir-fərdlər ölkədən getməyə kömək etmək xahişi ilə mənə daha çox müraciər edir. Bəzilərini dəstəkləyə bilmişəm, amma onların ölkədən çıxmasına kömək edəcək təşkilat olmalıdır, amma yoxdur.

Ancaq ölüm təhlükəsi olanlara kömək edirlər. Məsələn, tanıdığım gey cütlük son iki ildə bir neçə dəfə hücuma məruz qalmışdı. Ancaq təcavüzlə nəticələnən son hadisədən sonra onlara xarici təşkilatlar kömək etdi”.

Müəllif:
Bəşir Kitaçaev
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media International Alert təşkilatları tərəfindən həyata keçirilir.
Made on
Tilda