Uşaqlar, qırıcılar və tanklar

Bakıda keçirilmiş texnologiya festivalı az əvvəl müharibədən çıxmış ölkənin paytaxtında səmaya qırıcı təyyarələrin qaldırılmasının doğru olub-olmadığı ətrafında müzakirələrə səbəb olmuşdu
16.08.22

Qırıcı təyyarələrin uğultusu müharibə ilə assosiasiya olunur. Mənim məntiqimcə insanların böyük əksəriyyətində bu, qorxu və təşviş, ya da ən azı narahatlıq və diskomfort hissi doğurur. Amma Azərbaycan hakimiyyətinin məntiqi fərqlidir, görünür ki, onlar Teknofest-2022 festivalını təşkil edərkən elə bu məntiqə əsaslanıblar. Etiraf etmək xoş deyil, amma hesab doğru çıxdı.

Aerokosmik və texnologiya festivalı kimi təqdim olunan tədbir Bakıda mayın sonunda keçirilmişdi. Amma şəhər sakinlərinin çoxunun yaddaşında səmada uçuşan qırıcıların uğultusu ilə qaldı. Bu, Azərbaycan sosial şəbəkələrində əsas müzakirə mövzusuna çevrilmişdi.
Müharibə veteranlarının və digərlərinin psixikasından narahat olan adamlar da olmuşdu. Çətin ki, veteranlar, elə az əvvəl müharibə yaşamış ölkənin bu və ya digər dərəcədə travma almış başqa vətəndaşları da bu səs üçün darıxıblar – onlar yazırdı.
Amma səma nümayişindən narazılar dərhal qeyri-vətənpərvərlik damğası ilə damğalanmışdılar. Bir çox bakılıların sözlərinə görə, onlar həmin günlərdə qorxu yox, sevinc və qürur hiss edirdilər.

Təcrübə göstərir ki, insanları qırıcıların səsindən qeyri-təbii eyforiya hiss etməyə alışdırmaq mümkündür. Bu, sadəcə Azərbaycana aid deyil, istənilən cəmiyyətə hərbi ideyaları sırımaq sülh quruculuğu ideyalarını aşılamaqdan daha asandır. Mənə elə gəlir ki, bununla bu eyforiya daha az qeyri-təbii olmur. Ən əsası isə bu, hələ heç bir cəmiyyətin xeyrinə işləməyib.
Məhz buna görə inkişaf etmiş ölkələrdə bu, tədricən dəbdən çıxır: militarizasiya, hərbləşdirilmiş şou, hərbi paradlar, müharibənin romantikləşdrilməsi – düzdür, proses arzu olunandan daha ləng gedir.

İnsanların qələbəni “baxın, bizim necə möhtəşəm tanklarımız var, təkrarlaya bilərik” üslubunda qeyd etmələri həlak olanların xatirəsinin “kaş ki, təkrarlanmasın” üsludunda yad etmələri ilə əvəz olunur. Məsələn, Londonda faşizm üzərində qələbə günü iki dünya müharibəsi zamanı həlak olanların xatirə memorialları qarşısında anım mərasimi keçirilir, heç bir hərbi parad olmur.

Hərbi forma geyinmiş uşaqlar artıq xoş təəssürat yaratmır. Əksinə, çox sayda psixoloq (əsasən də rusiyalı, çünki bu ənənə ən çox Rusiyada və postsovet məkanında yayılıb) bu ənənə əleyhinə çıxış edir.

Sivil cəmiyyətdə “qadınlar gələcək qəhrəmanlar doğur” ifadəsinə görə isə ancaq feministlərin yox, hətta yalnız qadınların da yox, çoxlarının qəzəbinə tuş gəlmək mümkündür. Çünki bu ifadə “qadınlar yeni qurbanlar doğur” kimi yozulur.
Yeri gəlmişkən, uşaqlar haqda. Azərbaycan müxalifəti artıq oturuşmuş ənənəyə görə, hökumətdən daha çox döyüşkənlik nümayiş etdirir. Məsələn, tanınmış müxalifətçi Tofiq Yaqublu Qənimətlər Parkında uşaqlara tankların üstünə çıxmağa icazə verilmədiyi üçün hökumətə iradını bildirmişdi. Azərbaycanlı anti-militaristlər bundan sonra bir həftə onu lağa qoymuşdular. Üstəlik bir tərəfdən də Yaqublunu ələ salmaq doğru deyil, axı o, birinci Qarabağ müharibəsi veteranıdır və keçmiş siyasi məhbusdur. Digər tərəfdən isə belə təcrübəli insandan daha konstruktiv tənqid və təkliflər gözləyirsən.
Yenə də həmin paradoks – Yaqublu çoxluğun fikrini ifadə edir, elə uşaqlar da tankların üstündə oynamaqdan məmnun olardılar. Amma biz böyüklər anlamalıyıq ki, uşaqlara sevinc gətirən hər şey onların psixoloji və fiziki sağlamlığına fayda vermir.

Mən də uşaq olmuşam və “dava-dava”, muşketyorlar və bandit atışmaları oynamaq mənim də xoşuma gəlirdi. Mübarizə uşaqların (elə böyüklərin də) xoşuna gəlir, bəlkə məsələ psixikamızın quruluşundadır, bəlkə də tarixən belə alınıb, bilmirəm. Lakin bəşəriyyətin vəzifəsi tarixən oturuşmuş şeyləri dəyişməkdən və insan təbiətinə xas olan aqressiyanı, nəzarətdə saxlamaqdan, güc və zorakılıq təbliğindən azad olmaqdan ibarətdir.
Müharibənin romantikləşdirilməsi məntiqi, sağlam assosiativ sıranın üzərini örtən gözəl rəsmin yaradılmasıdır. Tank və ya qırıcı təyyarə - müharibə, kütləvi qətllər, yüzlərlə insan həyatı, dağılmış şəhərlər, duman və qaranlıq. Gözəl örtük olmadan bunu heç cürə romantikləşdirmək mümkün deyil.

Hətta qırıcı “bizim” olsa da, bu onun yaxşı olduğunu göstərmir. Kaş ki, o, nə “bizim”, nə də “onların” olardı. “Dinc cəma”da qırıcılar uçuşmur, hətta “nümayiş” xatirinə də. Əlbəttə, bütün bunlar banallıqdır, bəs niyə çoxları bunu anlamır? Niyə hələ də hesab edirlər ki, “uşaqlarda vətənpərvərlik tərbiyə etmək” onlara militarizm aşılamaq deməkdir?

Uşaqlarını pulla ordudan yayındırmağa hazırlaşan azərbaycanlılar üçün (imkanlı ailələrin əksəriyyətində elə belə də olur) bu cür “vətənpərvərlik” tərbiyəsinin qara ironiyası var. Onların uşaqları tankların fonunda şəkil çəkdirəcəklər, tankın kabinində isə başqaları olacaq.
Müəllif:
İrəc İskəndərov
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media International Alert təşkilatları tərəfindən həyata keçirilir.
Made on
Tilda