Azərbaycanın bölgələrində ölkə paytaxtının - Bakının "imkanlar şəhəri" olması haqda oturuşmuş mif var. Regionların zəif iqtisadi inkişafı, kütləvi işsizlik - ölkə əhalisinin əksər hissəsi bu kontekstdə yaşayır. Amma rəsmi statistika və dövlət telekanalları yoxsulluğun faktiki olaraq aradan qaldırıldığını bildirir. Əyalətlərdə isə on minlərlə insan inanır ki, onun sadəcə bəxti gətirməyib, Bakı kimi üç milyon əhalisi olan metropolda isə yoxsulluq yoxdur, iş var.
Bu insanlar ailələrini kənddə qoyub, paytaxta üz tuturlar. Amma əksəriyyəti əliboş qalır. Qulu İmanov da onlardan biridir.
Bakıda “Xalqlar Dostluğu” metrosu yanında, körpünün altında hamının tanıdığı “qul bazarı” yerləşir. Bura açıq səma altında şərti fəhlə bazarıdır, bölgələrdən gələn işsizlər məhz burada özlərinə təsadüfi iş axtarırlar. Qulu İmanov da bu işsizlərdən biridir.
Onun 54 yaşı var, yeddi qız atasıdır. Sabirabad rayonundandır. Kənddəki evi səbəbsiz yerə dağıdılandan sonra çörək pulu qazanmaq ümidi ilə Bakıya gəlib.
Miqrantlar paytaxta əsasən avtobuslarla gəlirlər, o da avtovağzala yox, qeyri-leqal marşrutlarla 5-7 manata birbaşa Bakının kənarında yerləşən ən böyük topdansatış bazarına – “Sədərəyə”. Bəxtləri gətirsə, elə həmin gün bazarda nəsə bir iş tapa bilərlər. Burada araba ilə alıcıların aldıqlarını, ticarətçilərin böyük, ağır mallarnı daşıyaraq az da olsa pul qazanmaq mümkündür.