Bir insan həyatında iki müharibə

Hər iki Qarabağ müharibəsi Xalisə Məmmədovanın həyatının tam ortasından keçib. Birinci müharibədə o, hələ uşaqkən ailəsi ilə birlikdə doğma kəndindən, evindən didərgin düşüb, ikinci müharibədə isə yenicə qovuşduğu həyat yoldaşını itirib.
Köçkünlük və qayıdış
35 yaşlı Xalisə Məmmədova Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Üç uşaqlı ailənin ilk övladıdır.

1993-cü ildə Qarabağ müharibəsi zamanı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra doğma yurdlarından köçkün düşüblər. Bakıya üz tutublar, Xətai rayonundakı “Dənizçilər” yataqxanasında məskunlaşıblar. Birinci sinfə 46 saylı qaçqın məktəbində gedib.
1994-cü ildə Horadiz hərbi əməliyyatından sonra Əhmədalılar kəndi işğaldan azad edilib.1999-cu ildə kənd əhalisi yenidən öz evlərinə qayıdıb.

“Uşaqlığımız müharibə dövrünə düşdü, çox çətin keçdi. Biz qayıdanda kəndimiz tanınmaz vəziyyətdəydi. Yandırılmış, küllər içində olan evlər, məktəb binası, yəni hər şey viran olmuş, dağıdılmışdı. Kənddə az insan vardı, ürküdücü sakitlik hökm sürürdü. Evimizin yanmış divarları, həyətimizdə kəsilib, yandırılmış ağaclar, atamın yanıb yerdə qalığı qalmış hərbi forması uşaqlıq zehnimdə dərin iz buraxıb. Atam müharibədə yaralanmışdı, səhhətində ciddi problemlər var idi. Buna baxmayaraq, anamla birlikdə evimizi, həyətimizi bərpa etdilər. Bunlar asan olmadı təbii ki. Eyni zamanda mənim və qardaş, bacımın qayğısına qalırdılar, təhsilimizə xüsusi diqqət yetirirdilər”.

Xalisə danışır ki, zamanla digər kənd sakinləri də yavaş-yavaş öz evlərinə qayıdıblar. Füzuli rayonunun Azərbaycanın nəzarətində qalan hissəsi yenidən abadlaşdırılıb, dövlət binaları bərpa edilib. Həyat tədricən öz axarına düşüb.

“Biz rayona qayıtdıqdan sonra mən, bacım və qardaşım orta təhsili kəndimizdə yerləşən Baxşəli Əliyev adına orta məktəbdə davam etdirdik”.

Müəllimə olmaq istəyirdi, muzey direktoru oldu
Orta məktəbi bitirdikdən sonra Xalisə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq Fakültəsinə qəbul olub.

“Biz rayona qayıtdıqdan sonra, həmin dövrdə gördüyümüz, bizə nümunə olan insanlar müəllimlərimiz idi. Onların diqqətini, qayğısını gördükcə müəllimlik xoşuma gəlirdi. Xüsusilə də bizə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən Məleykə müəllimə mənə bu peşəni çox sevdirmişdi. Düşünürdüm ki, mən də müəllimə olacağam. Yəqin ki, bu müəllimin özünə olan sevgimdən, dərsi bizə maraqlı təqdim etməyindən irəli gəlirdi. Amma iş elə gətirdi ki, qəbul zamanı “Kitabxanaçılıq və informasiya” fakültəsini seçdim”.

Xalisə Məmmədova bu fakültəni bitirsə də, kitabxanaçı da olmayıb. Bir müddət Bakıda müxtəlif sahələrdə çalışdıqdan sonra 2016-cı ildə Füzuliyə qayıdıb və Tarix Diyarşünaslıq Muzeyində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. Artıq bir ildir ki, həmin muzeyin direktorudur.

Xalisə danışır ki, müharibə muzeyin də taleyindən izsiz ötməyib. Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda döyüşlər gedərkən muzeyin ilk direktoru Bəhram Məmmədli əməkdaşlarla birlikdə eksponatların böyük bir qismini təxliyə edə biliblər. Mədəniyyət Nazirliyinin əmrinə əsasən həmin eksponatlar Bakıda İstiqlal Muzeyində yerləşdirilib. 2014-cü ildə Füzuli rayon Horadiz şəhərində muzeyin yeni binasi inşa edilib və eksponatlar geri qaytarılıb.

11 illik həsrət və üç aylıq vüsal
Xalisə ikinci Qarabağ müharibəsində daha böyük acı ilə üzləşib, həyat yoldaşını itirib.
“2020-ci il iyunun 26-da Amillə ailə qurduq. Çox xoşbəxt idik, amma cəmi 3 ay sürdü. Sentyabrın 26-sı yoldaşım müharibəyə getdi. Oktyabr ayından xəbər ala bilmədik. İki ay sonra yoldaşımın şəhid olduğunu öyrəndik. Mənim doğulduğum gün sevdiyim insanı torpağa verdim. Bizim övladımız olmadı. Ondan mənə tək qalan gözəl, sevgi dolu xatirələrdi”.

Xalisə deyir ki, Amillə yolları əslində çox əvvəl kəsişib. Amma qovuşmaq on bir il sonraya qismətmiş.

“Biz Amillə qohum olsaq da, mən heç vaxt onu görməmişdim. Amma sən demə, o məni dəfələrlə görüb və yaddaşında saxlayıb. 2009-cu ildə yaxın qohumu mənə Amil üçün elçi düşdü. Mən heç düşünmədən, xüsusi səbəb olmadan “yox” dedim. O vaxtdan sonra bu söhbət bir daha açılmadı. Qismətə bax ki, on bir il sonra 2020-ci ildə bir gün işdən gələndə Amillə yolun tən yarısında – Horadiz qəsəbəsi ilə Əhmədalılar kəndini birləşdirən dəmiryolundan qarşı-qarşıya keçmişik... Düzü, mən yenə də o anı xatırlamıram. Amma Amil danışırdı ki, sən başını qaldırıb mənə baxmadın.

Onda qəti qərarımı verdim ki, həyatımdakı qadın sən olacaqsan. Deyirdi, sən məni bəyənməzsən deyə tərəddüd edirdim. Düşünürdüm ki, mən sadə hərbçi oğlanam. Bu qız ali təhsillidir, bir az da özündən razı, bəlkə də heç adama salam verməz. Amma cəsarətini toplayıb ürəyini açdı, mən də bir şans vermək istədim. Deyirdi, sən məni tanımaq istədiyini deyəndə dünyalar mənim oldu. İndi də səni yanımda görəndə bəzən gözlərimə inana bilmirəm... "

Xalisə qısa müddətdə tapıb-itirdiyi sevgisinin ağrısını kitaba töküb. Rahatlıq tapmaq üçün içindəkiləri qələmə alıb. Deyir ki, “Zəfərin Amili” adlandırdığı bu kitab onu yenidən həyata bağlayıb, yaşamaq üçün stimul verib.

“Evlənəndən sonra yeni evimizə yeni əşyalar aldıq. Qonaq otağı üçün aldığımız xalçanı Amil çox bəyənmişdi. Dedi ki, stolu elə qoyarıq, xalçanın rəngi seçilsin. İstəyirdi xalça göz önündə olsun, evə gəlib-gedənin diqqətini çəksin. Nəticədə elə oldu ki, Amil şəhid olanda həmin xalçaya büküldü. Bütün kənd sakinləri, dəfnə gələn hər kəs o xalçanı gördü...”

Müəllif
Rəsmiyyə Cəlali
Bu hekayə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ailələri köçkün düşmüş azərbaycanlı gənclərin iştirak etdiyi “Mənə özündən danış” media layihəsinin bir hissəsidir. Bu materiallara görə müəlliflər məsuliyyət daşıyır. Layihə Avropa İttifaqının dəstəyilə International Alert təşkilatı tərəfindən həyata keçirilir.
Made on
Tilda