Balik – “istəkli məkan”, yoxsa “bataqlıq”?

Bura gələnləri belinə odun şələsi yüklənmiş eşəkklər qarşılayır. Ağır-ağır, palçığa bata-bata yeriyən eşşəkləri izləməklə kəndə çata bilərsən.

Kəndə çatanda da fərqli nəsə görmək olmur: Bacalarından tüstü çıxan, elektrik dirəkləri aşan, yolları dağılan, şəraitsizlik ucbatından tərk edilən onlarla kənd var Azərbaycanda. Balik də onlardan biridir.
“Xəritədən silinən kənd”
İsmayıllının Balik kəndi rayon mərkəzindən 50 kilometr uzaqda yerləşir. Son siyahıyaalmalara görə, kənddə 400 nəfərdən çox sakin yaşayır.

Lüğətlərə inansaq, kəndin adı “istəkli məkan” mənasını verir. Amma burda yaşayanlar üçün Balik “xəritədən silinən kənd”, “rayonun ögey kəndi”, ya da ki, “bataqlıq”dır...

Kəndə jurnalist gəldiyini eşidən sakinlər yavaş-yavaş mərkəzə yığışırlar. Deyirlər, dərdləri o qədərdir ki, hansından başlasınlar, bilmirlər.

“İsmayıllının Balik kəndində yaşayırıq, yaşamasaq, bundan yaxşıdır”, - 65 yaşlı kənd sakini Ağa Mirzəyev deyir.

Həmkəndliləri Ağa kişinin sözlərinə gülür, həm də ona dəstək çıxırlar: “Olanı deyir”.
Ağa kişi isə danışmağa davam edir: “Vallah kənd deyil bura. Buranı salıblar qara siyahıya, örtüblər üstümüzü”.
“Sovet dağıldı, biz də dağıldıq”
Kəndlilər danışır ki, soyuq qış günlərində əsas problemləri qazsızlıq olur. Onların dediyinə görə, Sovetlər dövründə altı il kənddə qaz olub: “Sovet dağıldı, biz də dağıldıq”, - kəndlilərdən birinin səsi gəlir.

“Bura kimlər üçünsə neft-qaz ölkəsidir, bizim üçün bataqlıq. Qoy hamı eşitsin, biz qırılırıq. Soyuqdan balalarımız məktəbə gedə bilmirlər. Odun çatdıra bilmirik. Xahiş edirik, ay millət, ay prezident, ay birinci xanım, bizim bu kəndə gözucu da olsa, baxın”,- Ağa Mirzəyev deyir.

Qaz olmadığı üçün sakinlər meşələrə üz tutmaq məcburiyyətində qalırlar. Elə söhbət əsnasında kəndin cavanlarından biri atın yüyənindən darta-darta meşəyə doğru gedir. Arabir də uzaqdan ağackəsən mişar səsləri eşidilir.

“Meşədə odun da qalmayıb”,- kənd sakinləri söyləyirlər.
“İşıq dirəklərinin hamısı aşıb”
Kənddə gəzdikcə addımbaşı aşan elektrik dirəklərinə rast gəlirsən. Sakinlərin sözlərinə görə, rayonun baş mühəndisinə dəfələrlə müraciət ediblər ki, dərdlərinə bir əncam çəksin. Amma hələ ki gəlib-gedən yoxdur.

“İşıq dirəklərinin hamısı aşıb. Baş mühəndisə də nə qədər şikayətə gedirik, bu qulağından alıb, o birindən buraxır. Elə bil, sözü buna demirsən, daşa deyirsən”,- kənd sakini Sahib Kamalov belə deyir.

O, doğulandan Balikdə yaşayır. Deyir, kənddə indiyədək gün üzü görməyib. Onları nə itirib-axtaran var, nə də dərdiylə maraqlanan. Elə ona görədir ki, kənd yavaş-yavaş boşalır. Kənddə cavan adam qalmayıb. Kommunal problemlər bir yana, burda heç təhsil də, iş də yoxdur.

“Bilmirəm bu kəndin bəxtindədir, ya nəyindəndir? Bir Allah bilir, bir də özləri. Rayonda bu kəndə can yandıran yoxdur. Hamısı barmaqarası baxır bura. Kölə kimi baxırlar bizim kəndə. Elə keçmişi də belə olub buranın. İnqilab sovxozunda əmtəə-süd ferması burda olub. İşçilərin hamsını burda qara qul kimi işlədirdilər, özləri də necə lazımdır, yaşayırdılar”, - Sahib Kamalov gileylənir.

“Yol çəkilib, amma şəhid ailəsinin qapısına qədər”
Sıra çatır sakinlərin yol problemlərindən danışmağa. Deyilənə görə, kəndin yolu əvvəllər lap pis gündə imiş. İkinci Qarabağ Müharibəsi vaxtı kənd şəhid verəndən sonra, hökumət nümayəndələrinin yolu Balik tərəfdən də düşüb. Elə o vaxtdan bura asfalt yol çəkməyi qərarlaşdırıblar, amma bütün kəndə yox, təkcə şəhid ailəsinin evinə qədər.

“Yəni bizə baxsınlar deyə, mütləq ölməliyik”,- kənd sakinlərindən biri deyir.

Bu yerdə başqa bir kəndli Tofiq Mirzəməmmədov söhbətə qoşulur. Deyir, kəndin dərdi çoxdur, amma heç kəs qulaq asmaq istəmir.

“Körpə uşaqlar palçığa bata-bata məktəbə gedirlər. Bələdiyyə baxmır, icra baxmır, deputat baxmır. Kimə deyək dərdimizi? Bircə prezidentimiz var, ona da səsimiz çatmır. Prezidentə “06” ilə məktub yollayırıq, “07” ilə geri qayıdır”.

Kənd sakinlərinin sözlərinə görə, hər dəfə 300-400 manat oduna pul verirlər, bir qışı beləcə keçirirlər. Məsələn, Tofiq kişi inəyini satıb, odun alıb. Oduna pul tapa bilməyən kəndlilər isə həyətdəki ağacları, mal təzəklərini, ən pis halda da köhnə paltarlarını, qaloşlarını yandırırlar.

“Meşəni qoymurlar qırmağa, deyirlər, ekologiyaya ziyan vurursunuz. Qaz da vermirlər. Bəs nə etməliyik? Paltarlarımız da qalmayıb yandırmağa, qaloş yandırırıq”, - Ağa Mirzəyev yarızarafat, yarıciddi deyir.

2023-cə Balik qaz görməyəcək
Şikayətlərlə əlaqədar İsmayıllı rayonunun Balik kəndi üzrə nümayəndəliyindən bildirilib ki, sakinlərin işıq dirəklərilə bağlı problemlərinə baxılacaq.

“Azəriqaz”-ın mətbuat katibi Eldəniz Vəliyev isə, kəndlərin mərhələli şəkildə qazlaşdırılacağını söyləyir.

Qurum rəsmisinin cavabı Balik camaatı üçün çox da ürəkaçan deyil. Çünki Balik kəndi 2023-cü il üçün qazlaşdırma planına daxil edilməyib, yəni il sonunadək kəndin qazlaşdırılması gözlənilmir.
Beləliklə, Balikdə yavaş-yavaş axşam düşür. Adamlar evlərinə çəkilirlər, mal-qara örüşdən qayıdır. Qarla örtülü bacalardan çıxan tüstü çoxalır. Böyük evlərin yalnız bir pəncərəsindən işıq görünür.
Müəllif
Aytac Məmmədli
Bu hekayə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ailələri köçkün düşmüş azərbaycanlı gənclərin iştirak etdiyi “Mənə özündən danış” media layihəsinin bir hissəsidir. Bu materiallara görə müəlliflər məsuliyyət daşıyır. Layihə Avropa İttifaqının dəstəyilə International Alert təşkilatı tərəfindən həyata keçirilir.
Made on
Tilda