“Oğlan gəldi yanımda oturdu, əvvəlcə rus dilində danışdı. Dedi ki, Gəncə ermənisidir. Sonra da təmiz azərbaycanca danışmağa başladı. Dedi ki, onun atasını Gəncədə döyüb pulunu əlindən alıblar. Sən də öz pulunu mənə verməlisən. Dedim ki, pulum yoxdu, biletimi o kişi alıb, mən də onunla gedirəm. Əlini atdı cibinə, knopıçnı (düyməli) bıçaq çıxardı”.
Bıçağı göstərdikdən sonra onun böyrünə dirəyib. Bıçağın ətinə batdığını hiss etdiyi an Aydın yerindən dik atılıb.
“Bundan sonra avtobusda sanki zəlzələ oldu. Avtobus irəli-geri ləngər vurdu. Alyoşa özünü çatdırdı mənə, dəsmalını yaramın üstünə basdı, məni vuranı da rus, erməni dilində danışa-danışa söydü. Avtobusun sürücüsünə dedilər ki, saxla maşını.
“Qabaq sırada oturan qadınlardan biri məni bıçaqla vuran oğlana sillə vurdu, dedi ki, “из за вас мы страдаем”. Avtobusdakıların əksəriyyəti də Azərbaycandan gedənlər idi. Döyüb o oğlanları yerə saldılar”.
Ehtiyat üçün Yerevanın girəcəyində düşüb, dəmiryol vağzalına taksi ilə gediblər. Axşam qatarla Bakıya qayıdıblar. Burda da Alyoşa qorxurmuş, Aydın da onu sakitləşdirib ki, qorxmasın, heç nə olmayacaq.
Bundan sonra Alyoşanın evinin əşyalarını çıxarmaq və onu ailəsi ilə birgə yola salmaq üçün Kamaz maşını tutublar:
“Bütün əşyalarını maşına yüklədik, onu da özüm tutdum. Maşına da 2000 manat verdim, çünki onun pulu yox idi. Əşyaları da 3-4 dəmir çarpayı, mitillər, stol, stullar, divan idi. Daha bilmədim ki, necə getdilər, Kamaz onları aparıb çatdırdımı, bundan xəbərim olmadı. Ancaq evi ki, mən sputnikdən izləyirəm, orda yaşayış var, ev salamatdır”.