“30 il keçsə də, Laçındakı evimi gözüyumulu taparam”

Bu foto-hekayə 23 ildir bağça binasında məskunlaşmış Laçın köçkünü Elxan Əsgərov və ailəsinin yaşantılarını nəql edir

25.04.2023
“Laçının işğaldan azad olunmasını sizə belə misal çəkim: Elə bil cibində olan-qalan pulunu salıb itirirsən. Getdiyin yolu geri qayıdıb o pulu tapanda necə sevinərsən? Bax mənim də olanım Laçın idi, onu da itirmişdim. İndi tapmışam. Adam itirdiyini tapanda o qədər sevinir ki, hisslərini biruzə verə, ifadə edə də bilmir”.

64 yaşlı Elxan Əsgərov Laçında doğulub. Uşaqlıq, gənclik illəri də Laçında keçib. Ta ki, birinci Qarabağ müharibəsi zamanı şəhər Ermənistan silahllı qüvvələrinin nəzarəti altına keçənə qədər.
“Mən özüm Laçını müdafiə batalyonunda könüllü olmuşam. Biz ömür boyu fikirləşməzdik ki, Laçını itirə bilərik. 1992-ci il may ayının 4-ü, 5-i Laçına ilk Qrad düşəndə 17 nəfər şəhid oldu. Bizi saldılar vahiməyə. May 8-i uşaqları çıxardıq. Texnika da Laçından çıxarılandan sonra qaldıq əliyalın, daha mübarizə aparmaq mümkün olmadı. Avtomatlar oldu əlağacı”.

1994-cü ildə atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ və ətraf rayonlardan köçkün düşmüş on minlərlə insan kimi Elxan Əsgərov da ailəsi ilə birlikdə diyar-diyar gəzməli olub.

“Laçından çıxdıq getdik İmişliyə. Rəhmətlik atam onda ət idarəsində işləyirdi. Bütün rayonlarda dostları vardı. İki ay İmişlidəki dostunun evində qaldıq. Daha sonra Beyləqana gəlib səkkiz il orada yaşadıq. Daha sonra da Bakıya gəldik. Bu istifadəsiz bağçaya yığışdıq. Onda müdirə Şəfiqə xanım idi. 8 ailəni yerləşdirdi. 23 ildi də buradayıq”.
İndi Əsgərovlar ailəsi yenidən Laçına qayıdacaqları günü gözləyirlər. Elxan Əsgərov deyir ki, Laçına gedən kimi evlərini tapacaq, həsrətini yatışdıracaq.

“Otuz il keçib, allah haqqı gözüyumulu taparam evimizi. Bizləri ora köçürəcəklər. Heç orda nə edəcəm, necə dolanacam təsəvvür edə bilmirəm. Əvvəlcə gərək gedim, özümü toxtadım”.
“Bizim torpağımız o qədər gözəldi ki, qızıləhmədi almanı ye, çəyirdəyini torpağa basdır, sabah ağacdı. Mən də qayıdandan sonra özümə bir bağ-bağça salaram, yüngülvari bir işlə məşğul olaram. Adam yaşa dolduqca torpağa daha da bağlanır. Biz yerimizin, yurdumuzun həsrətindəyik”.
Müəllif
Gülzar Məmmədli
Bu hekayə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ailələri köçkün düşmüş azərbaycanlı gənclərin iştirak etdiyi “Mənə özündən danış” media layihəsinin bir hissəsidir. Bu materiallara görə müəlliflər məsuliyyət daşıyır. Layihə Avropa İttifaqının dəstəyilə International Alert təşkilatı tərəfindən həyata keçirilir.
Made on
Tilda