Sovetdən bəri gözdən-qulaqdan iraq
Bələdçimiz danışır ki, Üryanoba kəndi rayon mərkəzinə çox yaxın yerləşsə də, hələ
sovet vaxtından gözdən-qulaqdan iraq, 10-12 evdən ibarət qazsız, işıqsız, yolsuz
bir kənd olub.
“Sovetin vaxtında nə idisə, elə indi də odur. Allahın da yadından çıxmışıq biz. Nə
Rusiyaya lazımıq, nə də Azərbaycana. Biz Rusiya vətəndaşlığından imtina elədik,
olduq Azərbaycan vətəndaşı, qaldıq doğma kəndimizdə. Amma neçə illər keçib
bizim dərdimizə baxan yoxdur. Qalmışıq havada. Evimizin, torpağımızın
sənədlərini yeniləyə, öz dədə-baba mülkümüzü özəlləşdirə bilmirik. Bütün
sənədlərimiz Dağıstana aiddir, burda keçərli deyil artıq. Hara gedirik, səsimizi
eşidən də yoxdur”.
Pirin yanından ötüb kəndin içinə sarı irəlilədiyimiz zaman ilk rastımıza çıxan kənd
sakini – Adilin gileyləri ilə başlayırıq Üryanobanı tanımağa...
Üryanobada doğulub böyüyən Adil danışır ki, uzun illər dolanışıq dalınca Rusiyaya getməli olub. Kəndin anklav statusu ləğv ediləndən, Azərbaycanın inzibati ərazisi elan olunandan sonra kəndə qayıdıb, Rusiya vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşı olub. Amma yenə də kənddə güzəranını qura bilməyib.
“Özəlləşdirmə getmədiyi üçün burada kənd təsərrüfatı ilə məşğul olmaq və bu yolla qazanc əldə etmək mümkün deyil. Odur ki, mən əsasən rayon mərkəzində - Xaçmazda qalıram ailəmlə birlikdə, orada işləyirəm. Kənddəki evimə də bağ evi kimi gəlib-gedirəm”, - deyə Adil danışır.