"Qabıq atan ayaqqabıların təmiri yorucu olur"

50 yaşlı Məhərrəm Əliyev pinəçidir. O bu sənətə 28 yaşında başlayıb. 20 ildən çoxdur qazancını bu yolla təmin edir, ailəsini dolandırır. İki övladını bu işlə böyüdüb, təhsil verib.
Məhərrəm usta müxtəlif illərdə ayaqqabı sexində, mini fabriklərdə işləyib. 10 il çəkməçilik etdikdən sonra ölkədə ayaqqabı istehsalı biznesinin öləziməsi səbəbilə bu kiçik təmirçi emalatxanasını açıb.

Məhərrəm usta deyir ki, artıq çeşidin çoxalması, imkanların genişlənməsi pinəçilik sənətini də geridə qoyur. “Odur ki, əsasən standart ölçülərə uyğun olmayan ayaqlar üçün ayaqqabı tikirəm. O da çox az hallarda olur".
Məhərrəm ustanın sözlərinə görə, gələn sifarişlər, təmir işləri çətinliyinə, asanlığına görə müxtəlif olur.

“İş var bir günə, iş var bir saata bitir. Hətta, günlərlə çəkən işlər də olur. Qabıq atan ayaqqabılar gətirirlər, onları düzəltmək çətindir. Qabıq atan işlər həm də yorucu olur. Yenə də işimi sevirəm, zövq alıram. Yorğunluğum işdə olsa da, dincliyini də elə işdə alıram”, - usta deyir.
Kənardakı ayaqqabı qəlibləri diqqətimi çəkir. Məhərrəm usta bildirir ki, ayaqqabı qəlibləri hər razmerdə və hər modelə uyğun olaraq müxtəlifdir. Əvvəl bu qəlibləri Türkiyədən sifariş edirmiş, indi isə artıq Bakıdan rahatlıqla əldə edə bilir.
Məhərrəm usta hesab edir ki, gənclərimizin təhsil almaqla yanaşı hər hansı bir sənəti də öyrənməsi yaxşı olar.

Dünyanı bilmək olmaz. Təhsilinə uyğun iş tapmaya bilərsən. Ya işini gözlənilmədən itirə bilərsən. Sənətin olsa, deməli, hər zaman həyatda qazancını təmin edəcək bir işin olacaq”.
Müəllif
Rəsmiyyə Cəlali
Bu hekayə Dağlıq Qarabağ münaqişəsi nəticəsində ailələri köçkün düşmüş azərbaycanlı gənclərin iştirak etdiyi “Mənə özündən danış” media layihəsinin bir hissəsidir. Bu materiallara görə müəlliflər məsuliyyət daşıyır. Layihə Avropa İttifaqının dəstəyilə International Alert təşkilatı tərəfindən həyata keçirilir.
Made on
Tilda