İki müharibəyə meydan olmuş Qaraçinar kəndi

Kənd sakinlərinin bir qismi Qarabağa köçəcəyi günü, bir qismi isə kəndin inkişaf edəcəyini gözləyir
“Müharibədən sonra depressiyadan çıxa bilmirəm, əvvəl o qədər şən idim, günün çıxmasına, batmasına, lap elə bapbalaca çöpə də sevinə bilərdim, amma indi elə bil sevinmək, ürəkdən gülmək hissimi itirmişəm”, - desə də, gözlərinin içi gülür. Məncə, özünə haqsızlıq edir, bütün yaşadıqlarına rəğmən poztivliyini hələ də itirməyib.

46 yaşlı Vəzifə Quliyeva Goranboy rayonunun ucqar kəndlərindən birində - Qaraçinarda yaşayır.

Qaraçinar Murovdağ silsiləsinin ətəyində yerləşir. Dağlıq ərazi olduğu üçün bu kənddə, demək olar ki, hər qapıda “Niva” var. Başqa minik maşınları üçün bu yollarda hərəkət etmək çətindir. 2009-cu il siyahıyaalınmasına görə, kənd əhalisi 400 nəfərə yaxındır, yaşayış məntəqəsi təxminən 150 evdən ibarətdir. Əhali əsasən maldarlıqla dolanır. Amma kənd sakinləri maldarlıqla paralel kənd təsərrüfatının başqa sahələri – arıçılıq, bostançılıq, bağçılıqla da məşğul olurlar. Məhsullarını da satmaq üçün əsasən Bakıya, Goranboya və qonşu rayon mərkəzlərinə aparırlar.

Vəzifə deyir ki, kənddə tənbəl olmayan adamın həmişə çörəyi var.

“Çətindi, əziyyətlidi, amma təbiəti, heyvanları sevirsənsə, bir də halal zəhmətlə övlad böyütmək istəyirsənsə, özün də zirəksənsə, kənd təsərrüfatı ilə çox yaxşı dolanmaq mümkündü. Biz inək saxlayırıq, süd məhsulları hazırlayıb satırıq. Bundan başqa, arı pətəklərimiz var, bal əldə edirik. Süfrəmizə qoyduğumuz bütün tərəvəzlər öz bostanımızdandı. Kənddə çalışan adamın bərəkəti tükənməz”.

Birinci müharibənin xarabalıqları arasında yeni həyat
Qaraçinar kəndi birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçən, ikinci Qarabağ müharibəsi nəticəsində geri qaytarılan Kəlbəcər rayonu ilə qonşuluqda yerləşir. Buna görə kənd həmişə Azərbaycanda qalsa da, həm birinci, həm də ikinci müharibə zamanı qaynar döyüş zonasına daxil idi.

Birinci müharibəyə qədər burada ermənilərlə azərbaycanlılar birlikdə yaşayıb, 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi qızışan zaman erməni əhali kəndi tərk etməli olub. Sonralar Qaraçinarda Ermənistan qaçqınları, əsasən Kəlbəcər rayonundan olan məcburi köçkülər yerləşiblər. Vəzifə Quliyeva da onlardan biridir.

Birinci Qarabağ müharibəsində bilavasitə döyüş meydanına çevrilən Qaraçinarda salamat ev, demək olar ki, qalmayıb. Sonralar burada yeni evlər tikilsə də, 1990-cı illərin əvvəllərində dağılan evlər olduğu kimi qalıb, bərpa olunmayıb. Odur ki, indi kənd köhnə dağılmış evlərin xarabalıqları ilə yeni tikililərin sintezindən ibarətdir.
İkinci Qarabağ müharibəsində də kənd həm artilleriya, həm də dronlarla atəşə tutulub. Qırxa yaxın ev zədələnib. Quliyevlər ailəsinin evi də qəzalı vəziyyətə düşüb.

“Sən demə, əvvəlcədən müraciət edib, dəyən ziyan barədə özümüz məlumat verməliymişik. Biz bilmədiyimiz üçün evin təmiri ilə bağlı daha bizə kömək edən olmadı. Öz gücümüzə təmir edirik”, - Vəzifə Quliyeva deyir.
“Eviniz uzaqdı deyib, telefon çəkmirlər”

Vəzifənin sözlərinə görə, 2020-ci ilin payızında 44 günlük müharibə müddətində əksər sakinlər kəndi tərk edib, daha təhlükəsiz yerlərə gediblər. Kənddə, demək olar ki, Vəzifə və həyat yoldaşından başqa heç kim qalmayıb.


Düzü, mənə qalsa, mən də çıxardım kənddən. Çox qorxulu idi. Hər dəqiqə mərmi atılırdı. Başımızın üstündə dronlar fırlanırdı. Dəhşətliydi. Amma yoldaşım getmək istəmədi. Deyirdi ki, alnımızda ölmək varsa, burdan getsək də öləcəyik, yoxdursa, deməli, burada da bizə heç nə olan deyil. Bir yandan da canım döyüşdə olan oğlumun yanında qalmışdı”.

Quliyevlərin iki övladı var. Böyüyü qızdır, ailə qurub, Bakıda yaşayır, artıq bir qız nəvələri də böyüyür.
Oğlu Bəxtiyar isə müharibə başlayan kimi könüllü olaraq orduya yollanıb. Yaralanıb. Hələ də müalicəsi davam edir.

“Qəlpə yaraları almışdı. Əməliyyat elədilər, qəlpələrin üçünü çıxardılar, ikisi təhlükəli yerdədi, tərpədə bilmirlər deyə, hələ də bədənində qalıb. Amma əsas əziyyət verən o deyil, daxili kəllə-beyin travması alıb. Çox əsəbidi. Bir anın içində özündən çıxa bilir. Bircə “Tik-Tok”la başını qatanda sakit olur”, - Vəzifə danışır.

Amma Quliyevlərin evi kəndin ən ucqar nöqtəsində yerləşdiyi üçün bütün müharibə veteranlarının evinə telefon çəkilsə də, onlar kənarda qalıblar və evdə “wi-fi” yoxdu:

Qazi kimi aldığı bütün pensiya, demək olar ki, mobil internetə gedir. Neyləsin, onu sakitləşdirən tək şey internetdi. Getdim, xahiş elədim ki, evimiz uzaq olsa da, nə qədər məftil getsə, pulunu özümüz verərik, təki telefon çəkin evə. Xeyri olmadı”.
Müharibə günlərində həyat rutini
Müharibə günlərində kənddə tənha olsalar da, gündəlik məşğuliyyətlərindən qalmayıblar.

Hər səhər oyanan kimi inəkləri sağırdım, mal-heyvana baxırdım, dinc vaxtda olduğu kimi. Həm özümüzünkülərə, həm də qonşuların toyuq-cücəsinə. Kənddən çıxanların çoxu heyvanlarını, həyət-bacalarını bizə tapşırıb getmişdilər. Onları yemləyirdim, hinlərindən buraxmırdım, başlarına bir iş gəlməsin deyə. Bizim ondan çox inəyimiz bombardmanda tələf oldu”.

Müharibədən əvvəl təsərrüfatlarında otuzdan çox inək olub, indi iyirmiyə yaxını qalıb. Vəzifə müharibədə itirdiyi heyvanların xiffətini çox çəkir. Hər birini ayrıca sevir çünki. Qaragöz, Mərcan, Telli, Maya, Sülhanə, Aruni, Bəzək, Mamul, Nərgiz və sairə. Hər birini adbaad əzizləyir. Dediyinə görə, inəklər də göstərilən nəvazişi anlayırlar.

Səhər inəkləri sağandan sonra çörək bişirirdim, sonra da yemək hazırlamağa başlayırdım. Düzdü, həmin günlərdə adamın özü üçün nəsə hazırlamağa əli qalxmırdı, özümüzə dəm-dəstgah açmırdım, eləcə ac qalmamaq üçün yemək yeyirdik. Amma artilleriya briqadası kəndin düz kənarında idi, əsgərlər üçün yemək bişirirdim. Yoldaşım aparıb verirdi. Axı mənim balam da döyüşdə idi, ac, ya tox olduğunu bilmirdim”.

Vəzifə Quliyeva deyir ki, yoldaşı həmin günlərdə öz maşınında yaralı əsgərlərin və həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasına da kömək edib. Amma evdə bu haqda heç nə demirmiş.
Öz axarına düşən həyat və gələcəklə bağlı ümidlər

Müharibə payız meyvələrinin məhsul yığımı günlərinə düşüb. Bütün kənddə heç kim ağacdakı məhsulunu toplamayıb, hamısı elə ağacdaca xarab olub.


“Müharibə bitdi, ara sakitləşdi, ağaclar yada düşəndə baxdıq ki, bütün məhsul tərg olub. Fındıqlar hamısı tökülüb xarab olmuşdu. Bir səbət alma ələ gəldi”, - Vəzifə deyir.


Kənd sakinləri qayıdandan sonra yenə həyat öz axarına düşüb. Amma kənd əhlinin əhvalındakı dəyişiklik də göz qabağındadı. Vəzifə deyir ki, müharibədən əvvəl hamı ev tikər, həyət-bacasını abadlaşdırar, şəraitini daha da yaxşılaşdırmağa çalışardı. İndi isə hamı sanki gözləyir.








“Elə biz də evi təmir edirik ki, sabah satanda normal pula getsin. İnşallah, satıb Kəlbəcərə köçəcəyik. Axı orada şərait qurmaq üçün bizə pul lazım olacaq. Burada əksəriyyət qaçqın, məcburi köçkündü. Hamı öz doğma torpağına qayıda biləcəyi günü gözləyir”.

Bizi Bakıya gətirən taksi sürücüsü isə Ermənistan qaçqınıdır. Onun doğulduğu yerlərə qayıtmaq şansı yoxdu. Ömrünün sonuna kimi Qaraçinarda yaşamağı düşünür və bu kəndin gələcəyi ilə bağlı çox ümidlidir.


Azad edilən ərazilər minalardan təmizlənəndən sonra oralar abadlaşdırılacaq. Suqovuşan turizm cənnətinə çevriləcək. Oranın mənzərəsi çox gözəldir. Orada hotellər, restoranlar tikiləcək. Yerli, xarici turistlər axışacaq və hamısı da Qaraçinardan keçib gedəcəklər. Bu da o deməkdi ki, Qaraçinar kəndi inkişaf edəcək. Əhali həmin hotellərə, restoranlara öz təsərrüfatlarında istehsal etdiyi məhsulları sata biləcək. Elə buradan keçən turistlər də yerli sakinlərlə alver edəcəklər. Düşünürəm ki, bizi burada çox gözəl günlər gözləyir”.

Müəllif
Samirə Əhmədbəyli

Foto
İsa Musayev
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup MediaInternational Alert təşkilatları tərəfindən həyata keçirilir.
Made on
Tilda