Bir oğlanın arzusu
"Çəkinmə, çək" təlimi çərçivəsində hazırlanmış foto hekayə
Bu oğlan Bakı kəndlərinin birində yaşayır. Onu sevən ailəsi, işi var. Yeganə problemi odur ki, qız olaraq doğulub.

“Beş yaşımdan, ozüm ozümü tanıyandan dalaşmışam ki, mənə oğlan paltarı alsınlar. Məktəbdə də oğlan kimi hərərkət etmişəm və hamı məni beləcə qəbul edib. Özü də o qədər dəcəl olmuşam ki, həftənin dörd günü müəllimlər otağında idim.

Məktəbdə məni ətək geyinməyə məcbur edirdilər. Səhər evdən şalvar ilə çıxırdım, məktəbə çatanda deyirdilər ki, dəyiş, mən də gedib özümlə gətirdiyim ətəyi geyinirdim. Evə getməzdən əvvəl isə yenə şalvar geyinirdim ki, məhəllədə tanışlarım görməsin. Utanırdım ətəkdən, necə ki, hər bir oğlan utanar ona qız paltarı geyindirsələr.
Ətrafımdə əsas oğlanlardı. Qızlarla yola getmirəm, amma oğlanlarla söhbətimiz yaxşı tutur, əsasən də məndən böyük olanlarla maraqlı gəlir, onlar daha çox bilirlər. Onlar mənə “qağa” deyirlər, mən də onlara. Mənimlə qız kimi rəftar etməyiblər, bilirlər ki, xətrimə dəyir.

Üç bacım var. Məktəbdə həmişə onları qorumuşam, kimsə bir söz deyəndə dalaşmışam – qardaşın etdiyi kimi. Doqquz yaşımdan atama işində kömək etmişəm.

Ancaq 11-ci sinifdə valideyinlərim dedi ki, gəl dəyiş, qız kimi davran. Mən də cəhd etdim, paltar geyinməyə başladım, üç il belə yaşadım, amma gördüm ki, alınmır. Güzgüdə gördüyüm içimdə hiss etdiyimlə heç üst-üstə düşmürdi. Özümə qapanmışdım, küçəyə çıxmırdım.
Başa düşdüm ki, belə olmaz, getdim bir ara evdən kənar yaşadım, qayıdanda isə artıq ozüm istədiyim tərzdə qayıtdım, ailəm də artıq qəbul etməli oldu. İndi də bütün ailəm mənim arxamda dayanıb.

Psixoloqa, psixiatra getmişəm. Onlar elə bilirdilər ki, nəsə travma yaşamışam, ona görə beləyəm. Amma sonra başa düşdülər ki, yox, belə doğulmuşam.
14 yaşına kimi bunların hamısını ancaq üslub kimi qəbul edirdim. Amma 14 yaşımda sinif yoldaşıma vuruldum. Sonra o biri qıza. Onda dəqiq başa düşdüm ki bu mənim təbiətimdir. Oğlanlara qarşı isə heç vaxt heç nə hiss etməmişəm, hətta oğlana qarşı nəsə hiss etmək qəbahət kimi gəlirdı mənə.

Bəzən qızlar məni oğlan bilib, nömrələrını veriblər, sonra biləndə ki, elə deyil, şoka düşüblər. Amma imkan olanda heç demirəm.

Bəlkə də gələcəkdə bu ölkədən köçərəm. Amma başqa bir tərəfdən, burada qalıb hamıya göstərmək istəyirəm ki, belə də olur. Çoxları başqa yerə gedib ozünü dəyişir, amma mən burada qala-qala özümü dəyişmişəm. Hərçənd, çox tanınmaq da istəmirəm.

Artıq yeddi ildir sevdiyim, ailə qurmaq istədiyim qız var, hər şeyi bilir və məni belə qəbul edir, amma istəmirəm ki, buna qörə problem yaşasın.

Mənim kimi doğulan gənclərə məsləhət görərdim ki, necə xoşbəxtdirlərsə, o yolu seçsinlər, başqalarının sözü ilə oturub-durmasınlar, dedi-qodudan qorxmasınlar, xoşbəxtliklərinin dalınca getsinlər.
Müəllif
Məryam Əlizadə

Made on
Tilda