Evə aparan yol
"Çəkinmə, çək" təlimi çərçivəsində hazırlanmış foto hekayə
Bura Bakıdan 40 km məsafədə yerləşən Qaradağ rayonunun Ümid qəsəbəsidir. Əvvəllər məcburi köçkünlər üçün yaradılsa da, indi burada sadəcə şəhərin mərkəzində ev almağa imkanı çatmayan insanlar yaşayır. Fəal, lider ruhlu xanımlar da yaşayırlar bu qəsəbədə. O xanımlardan biri də mənəm.
Yaşadığım yeri bəyənmirəm, çünki Bakıdan çox uzaqdır, elə bil ki, unudulmuş kənddir. Burada bir aptek, üç məktəb, və bir uşaq bağçası var. Axşam saat doqquzdan sonra həyat sanki dayanır.
Evimiz bu avtobus dayanacağından bir qədər uzaq məsafədə yerləşir. Mağazanın isə yaxınlığındadır, 100 metrliyində.
Evimizdən parka avtobusla 16 dəqiqə getmək lazımdır. Və axşam saat 8-dən sonra avtobus olmadığına görə, parka ya günün istisində getməliyik, ya da geri taksi ilə qayıtmalıyıq. Yaxında gəzməli, ağaclıq yer yoxdur.
Qəsəbədə park yoxdur deyə dənizkənarı bulvara gedirik arada (bayramlarda ya da maaş alanda). Mən 157 manata məktəbəqədər icma lahiyəsində muəllimə işləyirəm,, yoldaşım isə fəhlədir.
Qəsəbə dəmir yoluna da çox yaxındır, 24 saat qatar səsi eşidirik.
Bu qatar yolu çox təhlükəli yerdir, keçən il 4 yaslı uşağı qatar öldürmüşdü, baryer olsaydi əla olardı.
Bu küçə mənim evimə aparır. Yağiş yağsa bu yolları təsəvvür edin. Mən müəlliməyəm və istədim-istəmədim hər cür hava şəraitində işə getməliyəm.
Amma məhəlləmiz çox işıqlıdır, müsbət cəhəti budur.
İndi ailəm ilə birlikdə qəsəbədə kiçicik bir evdə kirayə qalırıq. Qızımın altı, oğlumun dörd yaşı var. İki tutuquşumuz da var.
Riki və Tinki. Onlar yatanda başlarını qanadlarinin altına qoyurlar. Dişisi yumurtalayanda erkəyi onu yemləyir, qayğı gostərir.
Gülləri də sevirəm, amma kaktuslara marağım daha çoxdur. Hamı onu tikanlı zənn edir, mənə görə, sirlidir, günəşi sevir, bizi kompüter şualarindan qoruyur.
Bəzilərinə belə həyat darıxdırıcı görünə bilər, amma mənim üçün bu, böyük nailiyyətdir. Həyatda çox çətinliklər yaşadım - həm fiziki zorakılıq, həm ağır xəstəlik, həm də qohumlarımın məndən üz döndərməsi, amma hər şeyin öhdəsindən özüm gəldim. Mən hər şeyə öz ağlımla nail olmuşam və bununla fəxr edirəm.

Yoldaşımla bir-birimizi anlayırıq desəm, yalan olar, sadəcə bir-birimizi tanıyırıq və yola veririk. O daha sakit adamdır, isə daha həyatdoluyam, aktivəm. Mən ucadan güləndə, ya da mahnı oxuyanda ona qəribə gəlir. Parkda çayxana kimi bir yer var, hərdən istəyirəm ki, gedim parkda çay içim, yoldaşım isə deyir, elə evdə içək, nə fərqi var.

Bir də, mən karaoke oxumağı çox sevirəm, hərdən gecə saat 2-də durub 4-ə kimi oxuyuram, bundan sonra rahat yuxuya gedirəm.
Heç kimdən heç nə gözləməyib, hər şeyi ozüm edib, istəklərimə nail oluram. İndi tərbiyəçi-müəllimə işləyirəm, təhsil, gender bərabərliyi ilə bağlı layihələrdə iştirak edirəm.
Müəllif
Lamiyə Qurbanova

Made on
Tilda